

Naviqasiya xəritələri S-57-dən S-100 standartına keçir
Beynəlxalq Hidroqrafiya Təşkilatı (IHO) gəmiçilikdə daha təhlükəsiz və səmərəli naviqasiyanı təmin etmək məqsədilə elektron xəritələrdə tətbiq edilən S-57 standartını S-100 formatı ilə əvəz edir.
"Seanews.az" xəbər verir ki, yeni standart 2026-cı ildən mərhələli şəkildə qüvvəyə minəcək.
Hazırda istifadə olunan S-57 formatı gəmiçiliyə statik məlumatlar təqdim edir. Lakin artan tələbləri və dəyişən naviqasiya şəraitini nəzərə alan IHO dinamik və çoxqatlı məlumat təmin edən S-100 sisteminə keçidə start verib.
Yeni S-100 standartı aşağıdakı məlumat formatlarını əhatə edəcək:
S-101 – təkmilləşdirilmiş elektron naviqasiya xəritələri
S-102 – dəqiq dərinlik məlumatları
S-104 – real vaxtlı su səviyyəsi göstəriciləri
S-111 – səth cərəyanları
S-122 – mühafizə olunan dəniz zonaları haqqında məlumat
Mütəxəssislər bildirirlər ki, bu keçid təkcə naviqasiya təhlükəsizliyini deyil, həm də yanacaq sərfiyyatını və əməliyyat səmərəliliyini artıracaq. Real vaxt məlumatları sayəsində gəmi kapitanları daha dəqiq marşrut planlaya və qəza risklərini minimuma endirə biləcəklər.