

Gəmi inşasında insan formasında robotların istifadəsinə başlanılır
“HD Hyundai” gəmi inşası sahəsində robot texnologiyalarını inkişaf etdirmək məqsədilə Almaniyanın “NEURA Robotics” və Cənubi Koreyanın “HD Hyundai Robotics” şirkətləri ilə strateji əməkdaşlıq haqqında razılığa gəlib.
“Seanews.az” xəbər verir ki, razılaşmaya əsasən, tərəflər gəmiqayırma zavodlarında işləmək üçün hazırlanacaq insan formasında və dörd ayaqlı robotların yaradılması, eləcə də onların real istehsalat şəraitində sınaqdan keçirilməsini planlaşdırırlar.
Bu robotlar qaynaq və montaj kimi işlərin yerinə yetirilməsi üçün nəzərdə tutulur və mürəkkəb sənaye şəraitində işləyə biləcək şəkildə layihələndirilir.
Əməkdaşlıq çərçivəsində “HD Hyundai Samho” tərsanəsi robotların sınaqları üçün real istehsalat mühiti təqdim edəcək. Bu da onların effektivliyinin sahədə yoxlanılmasına imkan verəcək.
“HD Hyundai Robotics” layihəyə texniki bilikləri, avtomatlaşdırılmış qaynaq sahəsində təcrübəsi və qabaqcıl məlumat bazası ilə dəstək verəcək. “NEURA Robotics” isə bu əməkdaşlıqda özünün son texnologiyaya əsaslanan “4NE1” adlı insanabənzər robot platformasını və digər ağıllı robot sistemlərini təqdim edəcək.