

Araşdırma: Avropa limanlarında sahil enerjisi sistemlərinin quraşdırılması prosesi ləngiyir
Avropa İttifaqının ətraf mühit qaydaları 2030-cu ilədək dəniz limanlarında sahil enerjisi təchizatı (OPS) infrastrukturlarının quraşdırılmasını tələb edir.
"Seanews.az" xəbər verir ki, Brüsseldə fəaliyyət göstərən fəal QHT “Transport Environment” (TE) bu məqsədlə 31 Avropa limanını əhatə edən araşdırma həyata keçirib.
Nəticələr göstərib ki, tələb olunan enerji bağlantılarının cəmi beşdə biri artıq quraşdırılıb və ya müqavilə ilə təmin olunub. Əksər limanlarda yeniliklərin qəbulunda gecikmə müşahidə olunur. Təhlil olunan limanlardan yalnız dördü 2030-cu ilədək lazım olan bağlantıların yarısından çoxunu quraşdırıb və ya təmin edib.
Limanların yaxınlığında yaşayan sakinlər bu şarj infrastrukturunun şəhərlərində kruiz gəmilərinin yaratdığı problemləri yüngülləşdirəcəyinə ümid edirlər. Belə ki, kruiz gəmiləri limanlarda olarkən işıqlandırma və kondisioner kimi xidmətləri təmin etmək üçün mühərriklərini işlək saxlayırlar.
Dəniz yanacağından yaranan çirklənməyə kükürd dioksid, azot oksidləri və hissəciklər daxildir.
Araşdırmada gəmi növləri arasında ciddi fərqlər də göstərilib. Kruiz və sərnişin gəmiləri üçün tələb olunan OPS bağlantılarının 38 faizi artıq təmin olunub, ancaq konteyner gəmiləri üçün bu göstərici cəmi 11 faizdir – ümumilikdə 294 bağlantıdan yalnız az hissəsi quraşdırılıb və ya müqavilələşdirilib.
“Təkrar və proqnozlaşdırılan marşrutları, həmçinin kruiz sərnişin terminallarının sıx şəhər mərkəzlərinə yaxınlığını nəzərə alaraq, kruiz gəmiləri OPS-nin erkən tətbiqi və genişləndirilməsində prioritet olmalıdır,” – araşdırmada qeyd olunub.
TE-nin məlumatına görə, Antverpen, Dublin, Qdanisk və Lissabon limanları hələ də elektrik şarj infrastrukturlarına yatırım etməyib.
Portuqaliya hökumətinin məlumatına görə, Avropanın ən işlək kruiz limanlarından olan Lissabonda limanı enerji stansiyasına birləşdirəcək çoxmilyonluq kabel layihəsi 2029-cu ilə hazır olacaq.