

“Hyundai Glovis” yeddi gəmisində “Avikus”un süni intellekt əsaslı naviqasiya sistemini tətbiq edəcək
Cənubi Koreyanın aparıcı logistika və distribusiya şirkəti “Hyundai Glovis” gəmiçiliyin rəqəmsallaşdırılması və dekarbonizasiyası istiqamətində növbəti mühüm addımını atıb. Şirkət “HD Hyundai”-nin avtonom gəmi texnologiyaları üzrə ixtisaslaşmış törəmə müəssisəsi olan “Avikus” ilə əməkdaşlıq çərçivəsində 7 avtomobil və yük daşıyan gəmini (PCTC) süni intellektə əsaslanan “HiNAS Control” (Hyundai Intelligent Navigation Assistant System) sistemi ilə təchiz edəcək.
“Seanews.az” xəbər verir ki, tərəflər arasında 2025-ci il iyulun 9-da imzalanan müqaviləyə əsasən, “Avikus” şirkəti “HiNAS Control” sisteminin avadanlıq və proqram təminatını, eləcə də gəmilərdə quraşdırma işlərini və heyət üçün hərtərəfli təlim proqramını təmin edəcək. Modernizasiya işlərinin 2026-cı ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulur.
“HiNAS Control” real vaxtda toqquşmadan yayınma, səmərəli marşrut seçimi və kurs sabitliyi kimi mühüm naviqasiya funksiyaları üçün gəmi heyətinə qərarvermə dəstəyi təqdim edir.
“Avikus”-un məlumatına görə, pilot mərhələdə “HiNAS Control” sistemi yanacaq sərfiyyatında 3.9%-dək qənaət və süni intellekt əsasında naviqasiya təhlükəsizliyinin artırılması sahəsində öz effektivliyini nümayiş etdirib.
Bu təşəbbüs “Hyundai Glovis”-in 2045-ci ilə qədər sıfır karbon emissiyasına nail olma hədəfi və ESG (ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) strategiyasının tərkib hissəsi olmaqla yanaşı, şirkətin rəqəmsal transformasiya gündəliyinə də tam uyğun gəlir.