

"K Line"-ın törəmə şirkəti Yaponiyada yeni elektrik yedək gəmisi sifariş edib
Yaponiyanın “Kawasaki Kisen Kaisha” (K Line) gəmiçilik şirkətinin törəmə müəssisəsi olan "Seagate Corporation" "Kanagawa Dockyard" ilə yeni elektrik yedək gəmisinin tikintisi barədə müqavilə imzalayıb.
"Seanews.az" xəbər verir ki, gəmi böyük tutumlu litium-ion batareyası ilə işləyəcək və onun tikintisinin 2027-ci ilin ikinci yarısında tamamlanması planlaşdırılır.
Yedək gəmisi hibrid elektrik sistemi ilə təchiz olunacaq. Burada yeni hazırlanmış yerli texnologiyalı mühərriklər və digər komponentlər istifadə ediləcək. Bundan başqa, batareyada kifayət qədər enerji olmadıqda işə düşəcək ehtiyat elektrik generatoru da quraşdırılacaq.
Şirkət bildirib ki, bu texnologiya ənənəvi yedək gəmisi ilə müqayisədə fosil yanacaqların istehlakını və emissiyaları əhəmiyyətli dərəcədə azaldacaq.