Dünyada ilk dəfə yanacaq elementi texnologiyalı ammonyakla işləyən tanker dizaynı təqdim edilib
Malayziyanın aparıcı gəmiçilik şirkəti "MISC" və "Samsung Heavy Industries" (SHI) dünyada ilk dəfə Proton Mübadiləli Membran Yanacaq Elementi (PEMFC) texnologiyası ilə işləyən ammonyakla yanacaqlandırılan LR2 tipli tankerin qabaqcıl dizaynına görə "Bureau Veritas Marine & Offshore" (BV) tərəfindən “Prinsipial Təsdiq” (AiP) alıblar.
"Seanews.az" xəbər verir ki, bu təşəbbüs "Vinssen" şirkəti tərəfindən hazırlanan PEMFC texnologiyasını və "Panasia" tərəfindən layihələndirilmiş ammonyak parçalama sistemini (ACS) birləşdirən iri həcmli kommersiya gəmisinin dizaynı və inkişafını hədəfləyir.
"MISC"-in açıqlamasında bildirilib ki, bu dizayn gəminin hərəkət sistemindən tutmuş yükün idarə olunmasına və bortdakı enerji tələbatının qarşılanmasına qədər bütün sahələrdə tam güclü enerji təminatını mümkün edəcək. Bu isə əvvəllər yalnız kiçik gəmilərdə və ya köməkçi enerji mənbələrində tətbiq olunan texnologiyalardan əsaslı şəkildə fərqlənir.”
Yeni nəsil tanker istismarı zamanı birbaşa CO₂ emissiyalarını aradan qaldırır və bu texnologiya gələcəkdə ammonyak əsaslı yanacaq elementlərinin dəniz nəqliyyatı sənayesində daha geniş tətbiqinə yol aça bilər.
"MISC"-in prezidenti və baş icraçı direktoru Zahid Osman bildirib: “"SHI" və "BV" ilə birlikdə biz dayanıqlı gəmiçiliyə yeni standart gətirəcək həll üzərində işləyirik. Bu təşəbbüs təkcə innovasiyaların geniş tətbiqinə təkan verməyəcək, həm də dəniz sənayesinin “xalis sıfır emissiya” məqsədinə nail olmasına kömək edəcək.”

