Çin “ağıllı liman” infrastrukturu sahəsində dünya lideridir
Çin bu günədək 60 avtomatlaşdırılmış konteyner terminalı inşa edərək, “ağıllı liman” infrastrukturu sahəsində dünyanın liderinə çevrilib.
"Seanews.az" xəbər verir ki, bu barədə oktyabrın 19–21-də Şanxayda keçirilən “North Bund Forum 2025” beynəlxalq konfransında bildirilib.
Çin Nəqliyyat Nazirliyinin nümayəndəsi Gao Haiyun qeyd edib ki, konteyner terminallarının sürətli inkişafı ilə yanaşı, “ağıllı su yolları”nın qurulması da genişlənir.
Rəsmi məlumatlara əsasən, 2025-ci ilin ilk səkkiz ayında Çinin daxili su yolları ilə daşınan yüklərin həcmi 6,56 milyard tona çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artım deməkdir. Eyni dövrdə limanlar vasitəsilə 12 milyard ton yük daşınıb. Konteyner dövriyyəsi isə 230 milyon TEU təşkil edərək, ötən ilin analoji dövrü ilə müqayisədə 6,3 faiz çox olub.

