"DNV": "Nüvə mühərrikli gəmilər uzunmüddətli dekarbonizasiya həlli kimi yenidən diqqət mərkəzinə qayıdır"
Artan ekoloji tələblər fonunda nüvə mühərrikli gəmilər uzunmüddətli dekarbonizasiya həlli kimi yenidən diqqət mərkəzinə qayıdır.
"Seanews.az" xəbər verir ki, bu, Norveçin "DNV" təsnifat cəmiyyətinin yeni hesabatında qeyd olunub.
"DNV" qeyd edir ki, dəniz sənayesində illik 350 milyon ton fosil yanacağın istifadəsi qlobal karbon emissiyalarının təxminən 3 faizini təşkil edir. Buna görə də 2050-ci ilə qədər sıfır emissiya hədəflərinə çatmaq üçün nüvə enerjisi real alternativ ola biləcəyini bildirir.
Hesabatda vurğulanır ki, dənizdə istifadə olunacaq reaktorlar quru əsaslı modellərdən fərqli xüsusiyyətlərə malik olacaq və təhlükəsizlik, tullantıların idarə olunması, həmçinin beynəlxalq tənzimləmə mexanizmləri xüsusi əhəmiyyət daşıyacaq.
Eyni zamanda, "DNV" Cənubi Koreyanın "HD Korea Shipbuilding & Offshore Engineering" (HD KSOE) şirkətinə SMR texnologiyası əsasında 15 000 TEU-luq konteyner gəmisi dizaynına görə ilkin təsdiq (Approval in Principle – AiP) təqdim edib. Bu layihə nüvə mühərrikli gəmilərin kommersiya donanmasına inteqrasiyası istiqamətində mühüm addım hesab olunur.

