IMO qərarının təxirə salınmasına baxmayaraq, “Wärtsilä” dəniz nəqliyyatının dekarbonizasiyasına inanır
Finlandiyanın “Wärtsilä” şirkəti Beynəlxalq Dəniz Təşkilatının (IMO) qlobal karbon qiymətinin müəyyən edilməsini bir il təxirə salmasına baxmayaraq, gəmiçilikdə dekarbonizasiya prosesinin davam edəcəyinə inanır.
"Seanews.az" xəbər verir ki, bu barədə şirkətin baş direktoru Hakan Aqneval bildirib.
O qeyd edib ki, dekarbonizasiya yolu davam edir. Gəmi sahibləri yanacaq çevikliyinə və səmərəliliyə üstünlük verdiklərinə görə bu texnologiyalara maraq azalmayıb.
Üçüncü rübün göstəricilərinə əsasən, “Wärtsilä”nın sifariş portfeli illik müqayisədə 0,7 faiz azalaraq 1,79 milyard avroya düşüb. Bu da bazar gözləntilərinin bir qədər altındadır.
Bununla belə, Aqneval IMO-nun qərarının satışlara mənfi təsir göstərmədiyini vurğulayıb. O qeyd edib ki, göstəricilərin zəifləməsinə əsasən ABŞ-nin Çin istehsalı batareyalara tətbiq etdiyi idxal rüsumları və yeni tənzimləmələr səbəb olub.
“Wärtsilä”nin enerji saxlama bölməsi ötən il satışların 12 faizini təşkil etsə də, üçüncü rübdə yeni sifariş qəbul etməyib. Şirkət artıq batareya hüceyrələrinin təchizatını ABŞ və digər Asiya ölkələrindən təmin etməyi nəzərdən keçirir.
Təhlilçilər qeyd edirlər ki, nəticələr investorlar üçün məyusedici olub, çünki bazar “Wärtsilä”dan xüsusilə enerji avadanlığı sahəsində daha güclü artım gözləyirdi.
Aqneval onu da əlavə edib ki, qarşıda “daha parçalanmış tənzimləmə mənzərəsi” yaranacaq, çünki ölkələr və regionlar öz iqlim çərçivələrini formalaşdırmağa başlayıblar.

