“Rolls-Royce” ilk dəfə tam metanolla işləyən gəmi mühərrikini sınaqdan keçirib
“Rolls-Royce Power Systems” şirkəti dünyada ilk dəfə tamamilə metanol yanacağı ilə işləyən yüksək sürətli gəmi mühərrikini sınaqdan keçirib.
"SeaNews.az" sınaqlar Almaniyanın cənubundakı "Friedrichshafen" şəhərində yerləşən mühəndislik mərkəzində aparılıb.
Şirkətin baş direktoru Dr. Yorq Stratmann bildirib ki, bu, həqiqi mənada dünyada bir ilkdir. Bu güc sinfində metanol ilə tam işləyən başqa bir yüksək sürətli mühərrik hələ yoxdur.
Yeni mühərrik Almaniyanın İqtisadiyyat və Enerji Nazirliyinin maliyyələşdirdiyi “MeOHmare” layihəsi çərçivəsində hazırlanıb. Layihədə “Rolls-Royce”, yanacaq inyeksiya sistemləri üzrə ixtisaslaşmış “Woodward L’Orange” və texnologiya və tədqiqat mərkəzi “WTZ Rosslau” iştirak edir.
Layihənin məqsədi yaşıl metanol əsasında karbon neytral gəmi mühərriki konsepsiyasını hazırlamaqdır. İşlərin bu ilin sonunadək tamamlanması planlaşdırılır.
“Rolls-Royce” qeyd edib ki, metanolun spirt tərkibli olması və fərqli alışma xüsusiyyətlərinə malikliyi səbəbindən mühərrik dizaynına tamamilə yeni yanaşma tətbiq olunub.
Yeni texnologiyanın əsas hədəfi bərpa olunan mənbələrdən istehsal edilən metanolun gəmiçilikdə fosil yanacaqlara alternativ kimi geniş tətbiqini təmin etməkdir. Şirkət bu mühərrik modelini gələcəkdə bərə operatorları və ofşor gəmi sahibləri üçün kommersiya bazarına təqdim etməyi planlaşdırır.

