Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-18,
Seanews
Heyder Eliyev

Hər dörd dəniz təchizatçısından biri kibertəhlükə baxımından riskli hesab olunur

Dəniz nəqliyyatı sektorunda təchizatçılar arasında kibertəhlükəsizlik zəiflikləri artmaqda davam edir. Gəmi sahibləri təchizat zəncirinə nəzarəti gücləndirir və təsdiqlənmiş ESG (ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) və məlumat təhlükəsizliyi göstəricilərini tələb edirlər.

"Seanews.az" “Achilles Network” şirkətinin yeni məlumatlarına əsasən xəbər verir ki, ötən il ərzində qiymətləndirilmiş dəniz hissələri və xidmət təchizatçılarının 28 faizindən çoxu yüksək və ya çox yüksək kiberrisk səviyyəsinə malik hesab olunub. Məlumatlar 12 aylıq dövrü əhatə edən və 1 000-dən çox qlobal təchizatçının ekoloji, sosial, idarəetmə və kibertəhlükəsizlik göstəricilərini təhlil edən hesabatdan götürülüb.

Nəticələr, “Achilles” şirkətinin təsdiqlənmiş ESG və kibergöstəricilərinin “Procureship” elektron satınalma platformasına inteqrasiyası ilə eyni dövrə təsadüf edir. Afinada yerləşən “Procureship” şirkətinə görə, bu inteqrasiya gəmi sahiblərinə və idarəçilərinə təchizatçıların zəif tərəflərini daha erkən müəyyən etməyə və ESG və uyğunluq standartlarını birbaşa satınalma prosesləri daxilində müqayisə etməyə imkan yaradır.

“Dəniz sənayesində təchizatçıların ESG imkanlarını anlamaq qlobal gəmi sahiblərinin gündəlik fəaliyyətlərini qorumaq və öz ESG strategiyalarını gücləndirmək üçün vacibdir,” – deyə “Procureship” şirkətinin baş direktoru və həmtəsisçisi Qriqoris Lampru bildirib.

Araşdırma həmçinin göstərib ki, qiymətləndirilən təchizatçıların yarıdan çoxu üçüncü tərəf tərəfindən təsdiqlənmiş korrupsiyaya qarşı sistemlərə, məsuliyyət sığortasına və ya informasiya təhlükəsizliyi siyasətinə malik deyil. Təxminən 25 faiz təchizatçı hələ də öz istixana qazı emissiyalarını ölçmür, yarıdan çoxu isə sertifikatlaşdırılmamış karbon sistemlərindən istifadə edir. Bununla belə, sorğuya cəlb olunanların təxminən yarısı sertifikatlaşdırılmış ətraf mühitin idarəetmə sistemlərini tətbiq edib, təxminən 13 faizi isə dekarbonizasiya planlarına malikdir.

“Achilles” şirkətinin baş direktoru Kreyq Rodqerson qeyd edib ki, bu nəticələr gəmi sahiblərinin reaktiv risk idarəçiliyindən qabaqlayıcı (proqnozlaşdırıcı) yanaşmaya keçdiyini göstərir: “Gəmiçilik şirkətləri getdikcə daha çox məlumat əsaslı yanaşmalardan istifadə etməklə təchizatçılarla münasibətləri möhkəmləndirir və ekoloji, eləcə də kibertəhlükə risklərini azaldırlar.”

Bu nəticələr göstərir ki, tənzimləyici təzyiqlər və rəqəmsallaşma şəraitində kibertəhlükəsizlik və ESG yoxlamaları gəmi sahiblərinin satınalma strategiyalarının əsas elementi halına gəlir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır