“Ashdod Port” süni intellekt əsasında gəmi izləmə texnologiyası hazırlayan “Azimut.ai” şirkətinə investisiya qoyub
İsrailin “Ashdod Port” limanı süni intellekt əsaslı gəmi izləmə sistemi hazırlayan “Azimut.ai” startapına 650 min ABŞ dolları həcmində investisiya yatırıb.
"Seanews.az" xəbər verir ki, qərar şirkətin “Albatross” adlı platformasının uğurlu sınaq mərhələsindən sonra qəbul edilib.
Pilot mərhələ göstərib ki, “Albatross” radarın və ya AIS siqnallarının zəif olduğu və ya mövcud olmadığı şəraitdə belə gəmiləri real vaxt rejimində tanıya, təsnif edə və izləyə bilir. Liman artıq sistemi müxtəlif əməliyyat zonalarında mərhələli şəkildə tətbiq etməyə başlayıb.
“Azimut.ai” investisiyanın İsraildə genişləndirmə işlərini sürətləndirəcəyini və beynəlxalq bazarlara çıxışı dəstəkləyəcəyini bildirib.
“Ashdod Port” illik fəaliyyət planı çərçivəsində logistika, kibertəhlükəsizlik və liman əməliyyatları sahələrində təxminən 100 startapla əməkdaşlıq edir. Bu innovasiyaların bir hissəsi həm limanın özündə, həm də müəssisənin Barselona və Nyu-Cersidəki innovasiya mərkəzlərində tətbiq olunub.

