Gəmi retrofiti üçün dünyada ilk “qənaət etdikcə ödə” fondu 35 milyon dollar toplayıb
Beynəlxalq Dəniz Dekarbonizasiya Mərkəzinin (“GCMD”) rəhbərlik etdiyi qlobal koalisiya yeni yaradılan “Fund for Energy Efficiency Technologies” (“FEET”) fondu üçün 35 milyon ABŞ dollarınadək vəsait cəlb edib.
"Seanews.az" xəbər verir ki, Fond “AIM Horizon Investments”, Yaponiya İnkişaf Bankı (“DBJ”), “ING” və “DBS Bank” tərəfindən dəstəklənir.
FEET gəmi retrofitləri üçün gəmi sahiblərinə investisiyanı doğrulanmış yanacağa qənaət və tənzimləmə xərclərinin azalması hesabına geri ödəməyə imkan verən "qənaət etdikcə ödə" (pay-as-you-save) maliyyə modelini təqdim edir. Mexanizm enerji səmərəliliyi texnologiyalarının tətbiqində qeyri-müəyyən qənaət göstəriciləri və maliyyə riskləri kimi maneələri aradan qaldırmağa yönəlib.
Fond retrofitlər üçün 100%-ədək ilkin maliyyələşdirmə təqdim edir və mövcud gəmi ipotekasından asılı olmayan lizinq modeli tətbiq edir. Bu yanaşma sahiblərin enerji effektivliyi layihələrinə marağını artırmağı hədəfləyir.
GCMD və “AIM Horizon Investments” fondun həcmini 2030-cu ilə qədər 500 milyon dollara çatdırmağı planlaşdırır. Bu məbləğ təxminən 200 gəminin retrofit olunmasına imkan verəcək və 2030-cu il dekarbonizasiya məqsədlərinə doğru irəliləyişi sürətləndirəcək.

