"VLCC" gəmilərinə ilk dəfə rotor yelkənləri quraşdırılacaq
Finlandiyanın “Norsepower” şirkəti Yaponiyanın “Idemitsu Tanker Co.” şirkəti ilə birlikdə iki çox iri xam neft tankerini (VLCC) küləkdən yardımçı hərəkət texnologiyası (rotor) ilə təchiz edəcək.
"Seanews.az" xəbər verir ki, bu, "VLCC" sinfində mexaniki yelkənlərin ilk tətbiqi olacaq.
Gəmilər hazırda “Japan Marine United Corporation” və “Nihon Shipyard Co.” tərəfindən inşa olunur. Hər bir gəmidə uzunluğu 35 metr, eni 5 metr olan iki ədəd “Norsepower Rotor Sail” quraşdırılacaq.
İlk tanker 2028-ci ilin sonunda təhvil veriləcək.
Rotor yelkənlər “Magnus effekti” ilə işləyən fırlanan silindrlərdən ibarətdir və külək enerjisindən istifadə edərək gəminin hərəkətini dəstəkləyir.
“Idemitsu Tanker Co.” bildirib ki, yeni texnologiyanın tətbiqi şirkətin karbon neytrallığı strategiyasına uyğundur. İnşa olunan hər iki "VLCC" gələcək aşağı karbonlu yanacaqlara, o cümlədən metanola uyğunlaşdırılıb.
“Norsepower” hazırda müxtəlif gəmi növlərində 22 rotor yelkən idarə edir.
Şirkətin baş direktoru Heikki Pöntynen bu layihənin “Norsepower” üçün xüsusi mərhələ olduğunu və Yaponiyada ilk yeni tikinti proqramı olduğunu qeyd edib.
Rotor yelkən sistemi rəqəmsal idarəetmə ilə işləyir və külək şəraitinə uyğun olaraq real vaxtda optimallaşdırılır. Texnologiya yanacaq sərfiyyatını 5–25 faiz azalda bilər.

