“Maersk” etanol əsaslı alternativ yanacaq sınaqlarını genişləndirir
“Maersk” şirkəti metanolla etanolun qarışığından hazırlanmış alternativ yanacaq üzrə ilk uğurlu sınağı tamamlayıb.
"Seanews.az" xəbər verir ki, şirkət etanolun daha yüksək nisbətdə tətbiqi və tam etanol (100 faiz) ilə işləmə sınaqlarına başlamağı planlaşdırır. Məqsəd iki yanacaqla işləyən gəmilər üçün yanacaq çeşidlərini artırmaq və dekarbonizasiya prosesini sürətləndirməkdir.
Sınaqlar Baltik dənizində istismar olunan 32 600 ton yükgötürmə qabiliyyətli “Laura Maersk” gəmisində aparılıb.
Oktyabrda tətbiq edilən E10 qarışığı (10 faiz etanol, 90 faiz metanol) təxminən bir ay müddətində istifadə olunub və mühərrik performansında dəyişiklik qeydə alınmayıb.
Uğurlu nəticədən sonra “Maersk” E50 (50 faiz etanol, 50 faiz metanol) qarışığını, daha sonra isə tam etanol yanacağını sınaqdan keçirəcək.
“Maersk” yaxın illərdə bio və e-metanol, biodizel və maye təbii qaz (LNG) üçün biometan kimi aşağı emissiyalı yanacaq növlərindən istifadəni genişləndirməyi planlaşdırır.

