Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-10,
Seanews
Heyder Eliyev

Çin dünyanın ilk nüvə enerjili kommersiya gəmisini layihələndirir

Çinin "Jiangnan" Gəmiqayırma Zavodu torium əsaslı nüvə reaktoru ilə işləyən və 25 min konteyner tutumlu dünyanın ilk nüvə enerjili kommersiya gəmisini layihələndirdiyini açıqlayıb.

"Seanews.az" xəbər verir ki, bu barədə "Jiangnan" Gəmiqayırma Zavodunun sədr müavini Lin Qingshan "South China Morning Post" qəzetinə müsahibəsində bildirib. 

O qeyd edib ki, bu gəmi inşa edilərsə, nüvə hərəkət sisteminin böyük ölçülü kommersiya konteyner gəmisində istifadə edildiyi ilk nümunə kimi tarixə düşəcək.

Zavodun rəhbəri Lin gəminin inşasına təxminən 10 il ərzində başlanıla biləcəyini qeyd edərək, "Jiangnan"ın nüvə enerjili kommersiya gəmiləri inşa etməyə həsr olunmuş xüsusi gəmiqayırma zavodlarına sərmayə qoymağı planlaşdırdığını bildirib.

Layihələndirilmiş gəmi 200 meqavat gücündə enerji istehsal edən torium əsaslı ərimiş duz nüvə reaktoru ilə işləyəcək. Dördüncü nəsil nüvə sistemi kimi təsnif edilən reaktor dizaynının 40 illik istismar müddətinə malik olması gözlənilir.

Digər tərəfdən, Lin layihənin qarşısında aradan qaldırılmalı olan əhəmiyyətli hüquqi maneələrin olduğunu bildirib. Nüvə enerjili kommersiya gəmisinin inşasını və istismarını hansı hökumət orqanının təsdiqləyəcəyi hələ dəqiq deyil.

Nüvə hərəkət sistemləri uzun müddətdir sualtı qayıqlarda və təyyarədaşıyan gəmilərdə istifadə edilsə də, indiyə qədər heç bir nüvə enerjili kommersiya konteyner gəmisi istifadəyə verilməyib.

Sektor tərəfdarları iddia edirlər ki, bu cür gəmilər istismar zamanı sıfır karbon emissiyası, yanacaq doldurmadan daha uzun mənzil, uzunmüddətli dövrdə aşağı yanacaq xərcləri və ənənəvi gəmilərlə müqayisədə yüksək səyahət sürəti kimi böyük üstünlüklər təklif edəcək.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır