Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-19,
Seanews
Heyder Eliyev

“Clippership” ilk avtonom və külək enerjisi ilə işləyən yük gəmisinin tikintisi üçün sifariş verib

ABŞ-nin Kaliforniya ştatında yerləşən “Clippership” startapı avtonom rejimdə fəaliyyət göstərə bilən və külək enerjisi ilə işləyən ilk yük gəmisi üçün tikinti sifarişi verib.

"Seanews.az" xəbər verir ki, yeni gəminin layihəsi “RINA” təsnifat cəmiyyəti tərəfindən təsdiqlənib.

24 metr uzunluğa malik gəminin dəniz memarlığı “Dykstra Naval Architects”, konstruktiv mühəndisliyi isə “Glosten” şirkəti tərəfindən həyata keçirilib. Avtonom idarəetmə proqramı və sərt yelkən sistemi “Clippership” tərəfindən daxildə hazırlanıb.

Layihə sənədləri tamamlandıqdan sonra şirkət Niderlandda yerləşən “KM Yachtbuilders” tərsanəsi ilə tikinti müqaviləsi imzalayıb. İlk gəminin 2026-cı ilin sonlarında suya buraxılması və Malta bayrağı altında istismara verilməsi planlaşdırılır.

Yeni gəmi əsasən kiçik yükgöndərənlər üçün nəzərdə tutulub. Gəmi iqlimə nəzarət olunan yük bölməsində 75 avro-palet tutumuna malik olacaq və birbaşa nöqtədən-nöqtəyə daşımalar üçün optimallaşdırılıb.

Gəmi əsas hərəkət mənbəyi kimi iki ədəd qatlanan sərt qanadlı yelkənlə təchiz ediləcək. Karbon kompozit materialdan hazırlanmış bu yelkənlərin müasir parça yelkənlərdən iki dəfədən çox səmərəli olduğu bildirilir. Pis hava şəraitində və limanlarda yelkənlər göyərtə üzərinə qatlanacaq.

Layihənin əsas üstünlüklərindən biri aşağı istismar xərcləridir. Gəmi açıq dəniz şəraitində avtonom üzmə qabiliyyətinə malik olacaq. İlkin mərhələdə nəzarətçi heyətin iştirakı nəzərdə tutulur. Sistemlər marşrut seçimini, yelkənlərin tənzimlənməsini, sükan idarəetməsini və toqquşmadan yayınmanı avtomatik həyata keçirəcək.

Gəmidə yüksək dəqiqlikli radar, video və infraqırmızı kameralar, peyk əsaslı hava müşahidə sistemləri və avtomatik identifikasiya sistemi inteqrasiya olunacaq.

“Clippership” ilk gəmidən toplanacaq məlumatlar əsasında daha böyük və səmərəli modellər hazırlamağı planlaşdırır. Şirkət gələcəkdə 48 metr uzunluğunda və 400 palet tutumuna malik, tam heyətsiz avtonom yük gəmisi yaratmağı hədəfləyir.

İlk gəminin Atlantik okeanı, Karib hövzəsi və Cənubi Amerika marşrutları üzrə üzməsi planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır