“Lloyd’s Register” konteynerlərin yerləşdirilməsi alətlərini təkmilləşdirir
“Lloyd’s Register” (LR) konteynerlərin stivajı (yerləşdirilməsi) üzrə xidmət paketini yeniləyərək konteyner itkisini azaltmağa, eyni zamanda gəmilərin istifadə səmərəliliyini və əməliyyat göstəricilərini yaxşılaşdırmağa yönəlmiş yeni əməliyyat alətlərini istifadəyə verib.
“Seanews.az” xəbər verir ki, yenilənmiş paket təkmilləşdirilmiş “BoxMax” və “Roll Design Assessment” (RDA) notasiya sistemlərini “LashRightUX”un son versiyası və yeni “RollRight” rəqəmsal platforması ilə birləşdirir. Bu alətlər konteyner gəmilərinin ölçüləri artmaqda davam etdikcə operatorlara yükləmə planlarını optimallaşdırmağa və dalğalanma risklərini daha effektiv idarə etməyə kömək etməyi hədəfləyir.
Dünya Gəmiçilik Şurasının məlumatına görə, 2024-cü ildə dənizdə 576 konteyner itirilib ki, bu da əvvəlki illə müqayisədə iki dəfədən çoxdur. “Lloyd’s Register” bildirir ki, son yeniliklər daha dəqiq hərəkət modelləşdirilməsi, daha sürətli hesablamalar və gəmiyə xas dalğalanma idarəetməsi vasitəsilə bu risklərin azaldılmasına xidmət edir.
Yenilənmiş “BoxMax” notasiyası daha ətraflı hərəkət modelləşdirilməsi və təhlükəsiz yığım yüklərinin hesablanması üçün yeni alqoritmləri əhatə edir ki, bu da gəmilərin daha çox yük daşımasına imkan verir. “RDA” notasiyası və “RollRight” sistemi isə faktiki dəniz şəraitinə əsaslanaraq heyətə dalğalanma riskləri barədə real vaxt rejimində məlumat təqdim edir, sinxron və parametrik dalğalanma ilə bağlı erkən xəbərdarlıqların verilməsini və korrektiv tədbirlərin görülməsini dəstəkləyir.
Bununla yanaşı, “LashRightUX” aləti də yenilənərək stivaj analizini və əməkdaşlığı asanlaşdıran təkmilləşdirilmiş vizuallaşdırma funksiyaları ilə zənginləşdirilib.
Eyni zamanda, “Lloyd’s Register” sənaye üzrə konteynerlərin bərkidilməsi məlumatlarının mübadiləsini standartlaşdırmaq məqsədilə “Lashing Exchange Format Consortium”un yaradılmasına rəhbərlik etdiyini də açıqlayıb.

