ABŞ-da heyətsiz və kapitansız hərbi gəmi hazırlanır
ABŞ Hərbi Dəniz Qüvvələrinin sabiq zabitləri tərəfindən yaradılan “Blue Water Autonomy” şirkəti kapitanı və heyəti olmayan tam avtonom hərbi gəmi hazırladığını açıqlayıb.
“Seanews.az” xəbər verir ki, 2024-cü ildə təsis olunan şirkət minlərlə dəniz mili məsafəni qət edə bilən, təxminən 30 metr uzunluğunda və 100 ton yerdəyişməyə malik heyətsiz səth gəmisinin üzərində işləyir. Gəmi yüklərin daşınması, kəşfiyyat-müşahidə əməliyyatları və hərbi sursatların insan iştirakı olmadan çatdırılması üçün nəzərdə tutulur.
ABŞ uzun müddətdir heyətsiz səth gəmilərinin hazırlanması istiqamətində işlər aparır. Bu çərçivədə ABŞ Müdafiə Nazirliyinin tədqiqat qurumu olan “DARPA” tərəfindən hazırlanmış “USX-1 Defiant” adlı prototip də sınaqdan keçirilir.
Şirkət bildirir ki, avtonom gəmilərin geniş tətbiqi ABŞ donanmasının imkanlarını daha aşağı xərclə genişləndirməyə və dəniz təhlükəsizliyini gücləndirməyə imkan verəcək.

