“Wärtsilä”dən ilk: yeni gəmi dördtaktlı ammonyak mühərriki ilə təchiz olunacaq
Dəniz texnologiyaları üzrə ixtisaslaşmış Finlandiya şirkəti “Wärtsilä” ilk dəfə olaraq yeni inşa edilən yük gəmisini dördtaktlı ammonyakla işləyən mühərriklə təchiz edəcək.
“Seanews.az” xəbər verir ki, mühərrik “Skarv Shipping Solutions” şirkətinə məxsus yük gəmisində quraşdırılacaq.
Çindəki “Huanghai” gəmiqayırma zavodunda tikiləcək gəmi istixana qazı emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasını təmin edəcək və Şimali Avropada qısa məsafəli dəniz daşımalarının ekoloji cəhətdən daha dayanıqlı olmasına xidmət edəcək.
Layihə çərçivəsində “Wärtsilä” yalnız ammonyak mühərrikini deyil, həmçinin yanacaq qazı təchizatı sistemi və tullantı qazlarının təmizlənməsi avadanlıqlarını da təqdim edəcək. Avadanlıqların tədarükünə 2026-cı ilin dördüncü rübündə başlanması planlaşdırılır.
Ammonyak 2050-ci ilədək dəniz nəqliyyatında xalis sıfır emissiya hədəfinə çatmaq üçün perspektivli alternativ yanacaq kimi qiymətləndirilir və bu hədəf Beynəlxalq Dəniz Təşkilatı (IMO) tərəfindən müəyyən edilib.

