Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-29,
Seanews
Heyder Eliyev

“Maersk Tankers” gəmilərində külək enerjisindən istifadə genişlənir

“Maersk Tankers” şirkətinə məxsus orta ölçülü tanker gəmilərindən birində külək enerjisindən istifadə edən yeni sistem quraşdırılıb. Beləliklə, şirkətin beş tanker gəmisini əhatə edən modernləşmə proqramının ilk mərhələsi həyata keçirilib.

“Seanews.az” xəbər verir ki, İspaniyanın külək enerjisi texnologiyaları üzrə ixtisaslaşmış “bound4blue” şirkəti “Maersk Trieste” tankerinə dörd ədəd, hər biri 24 metr hündürlüyündə olan xüsusi sorucu yelkən sistemi quraşdırıb. Bu sistem gəmilərin hərəkəti zamanı küləkdən istifadə etməklə yanacaq sərfiyyatını və karbon qazı emissiyasını azaltmağa imkan verir.

Quraşdırma işləri Belçikada yerləşən “EDR Shipyard” tərsanəsində aparılıb. Əvvəlcədən Çinin Şençjen şəhərində hazırlıq işləri görülüb ki, bu da gəminin istismardan kənar qalma müddətini minimuma endirib.

“bound4blue” şirkətinin məlumatına görə, sözügedən texnologiya tanker gəmiləri üçün tətbiq olunan təhlükəsizlik tələblərinə tam uyğundur və yanacaq sərfiyyatını ikirəqəmli faizlə azaltmağa imkan verir. Eyni zamanda, bu sistem gəmilərin karbon intensivliyi göstəricilərinin yaxşılaşmasına kömək edir.

“Maersk Tankers” bildirir ki, külək dəstəyi ilə hərəkət texnologiyalarının geniş tətbiqi şirkətin Avropa İttifaqının dəniz nəqliyyatı üzrə ətraf mühit tələblərinə uyğun fəaliyyət göstərməsinə və istismar xərclərinin azaldılmasına xidmət edir.

Müqaviləyə əsasən, növbəti mərhələdə daha dörd tanker gəmisində analoji sistemlərin quraşdırılması nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır