Dəniz nəzarəti üçün yüksək hündürlükdə 5G rabitəsi tətbiq ediləcək
“Airspan Networks Holdings” şirkəti “Space Compass” ilə tərəfdaşlıq çərçivəsində dəniz məkanına nəzarətin gücləndirilməsi məqsədilə yüksək hündürlüklü platformalar üçün 5G rabitə sisteminin tətbiqini planlaşdırdığını açıqlayıb.
“Seanews.az” xəbər verir ki, layihə stratosferdə – yer səthindən təxminən 16-18 kilometr hündürlükdə fəaliyyət göstərən Yüksək Hündürlüklü Platforma Stansiyasının (High-Altitude Platform Station – HAPS) 5G hava-yer rabitəsi ilə təchiz olunmasını nəzərdə tutur. Bu texnologiya vasitəsilə gəmilərin hərəkəti, sahilyanı ərazilər və açıq dəniz zonaları real vaxt rejimində izlənəcək.
Məlumata görə, 5G rabitəsi 300 kilometrədək məsafədə yerüstü stansiyalarla təhlükəsiz əlaqə, komanda-idarəetmə və operativ məlumat ötürülməsini təmin edəcək. Sistem mövcud yerüstü şəbəkələrin əhatə dairəsindən kənarda yerləşən dəniz ərazilərində fasiləsiz nəzarət imkanları yaradacaq.
Layihə çərçivəsində hava platforması üçün radio və antenlər, bortda 5G emal modulları, eləcə də yerüstü 5G radio-giriş şəbəkəsi və idarəetmə sistemi qurulacaq. Texnologiyanın ilkin sınaqlarının 2026-cı ildə, stratosfer uçuşlarının isə 2027-ci ildə həyata keçirilməsi planlaşdırılır.

