Danimarka və Çin “yaşıl” dəniz texnologiyaları və gəmiqayırma üzrə əməkdaşlıq sazişini yeniləyib
Çinin sənaye və informasiya texnologiyaları naziri Li Leçenq Pekində Danimarkanın sənaye, biznes və maliyyə məsələləri üzrə naziri Morten Bodskov ilə görüş keçirib.
"Seanews.az" xəbər verir ki, görüş zamanı tərəflər “yaşıl” gəmiqayırma və “yaşıl” dəniz texnologiyaları sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib və “Yaşıl Dəniz Texnologiyaları və Gəmiqayırma Sənayesi üzrə Əməkdaşlıq Memorandumu”nu yeniləyiblər.
Tərəflər dənizçilik sahəsində qarşılıqlı etimada, ortaq maraqlara və bir-birini tamamlayan imkanlara əsaslanan uzunmüddətli və səmərəli əməkdaşlıqlarını bir daha təsdiqləyiblər.
Li Leçenq bildirib ki, Çin və Danimarka gəmiqayırma sənayesi və dəniz texnologiyaları sahələrində əhəmiyyətli dərəcədə bir-birini tamamlayan potensiala malikdir. Onun sözlərinə görə, Çin Danimarka ilə strateji sinerjinin və siyasət koordinasiyasının gücləndirilməsinə, aşağı və sıfır karbonlu yanacaqla işləyən gəmilər üçün texnologiyaların birgə hazırlanmasına, beynəlxalq dənizçilik qayda və standartları üzrə əməkdaşlığın möhkəmləndirilməsinə, yeni enerji nəqliyyat vasitələri və rəqəmsal sənaye sahələrində mümkün tərəfdaşlıqların araşdırılmasına, eləcə də qlobal “yaşıl” inkişaf prosesinə daha böyük töhfə verməyə hazırdır.
Danimarkanın sənaye, biznes və maliyyə məsələləri üzrə naziri Mikkel Bodskov isə qeyd edib ki, ikitərəfli əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin sənaye inkişaf trayektoriyalarına uyğundur. Onun sözlərinə görə, Danimarka Çin bazarında investisiyaların artırılması, danimarkalı şirkətlərin biznes mövqelərinin gücləndirilməsi və ikitərəfli sənaye əməkdaşlığının daha yüksək mərhələyə daşınması üçün özəl sektoru fəal şəkildə təşviq edəcək.

