“Amazon”un peyk rabitəsi gəmilərə gəlir: “ELCOME” ilə strateji əməkdaşlıq
Dəniz texnologiyaları sahəsində fəaliyyət göstərən “ELCOME” şirkəti “Amazon Leo” (keçmiş “Project Kuiper”) ilə rəsmi distribütorluq sazişi imzaladığını elan edib. Məqsəd ticarət gəmiçiliyi sektorunu yüksəksürətli peyk rabitəsi ilə təmin etməkdir.
“Seanews.az” xəbər verir ki, bu əməkdaşlıq “ELCOME”a ticarət gəmiçiliyi, ofşor xidmət və balıqçılıq donanmalarına aşağı yer orbitli (LEO) peyk rabitəsi xidmətlərini təqdim etmək imkanı verəcək. Hazırda “Amazon”un orbitdə 180 peyki var, lakin şirkət ümumilikdə 3236 peykdən ibarət nəhəng şəbəkə qurmağı planlaşdırır.
Mərkəzi Dubayda yerləşən ELCOME, bu xidmət üçün yeni təqdim olunan Amazon Leo Pro və Leo Ultra terminallarından istifadə edəcək. Hazırda 5000-dən çox gəmiyə rabitə xidməti göstərən ELCOME, yeni avadanlıqların quraşdırılmasını və texniki dəstəyini öz qlobal mühəndislik şəbəkəsi vasitəsilə həyata keçirəcək.

