“Smart Ship Hub” və “ORBYT Global Group” rəqəmsal platformalarını inteqrasiya edir
“Smart Ship Hub” (SSH) və dəniz rabitəsi şirkəti “ORBYT Global Group” gəmiçilik sektorunda kommunikasiya və məlumat sistemlərini birləşdirən strateji tərəfdaşlıq barədə razılığa gəliblər.
“Seanews.az” xəbər verir ki, razılaşmaya əsasən, “Smart Ship Hub”un məlumat platforması “ORBYT Global Group”un aşağı orbit (LEO), orta orbit (MEO) və geostasionar orbit (GEO) peyk rabitə sistemi ilə inteqrasiya olunacaq. Bu inteqrasiya gəmi sahibləri, operatorlar və çarterçilər üçün vahid rəqəmsal platforma yaradacaq.
Yeni sistem vasitəsilə gəmi performansının monitorinqi, donanmanın idarə olunması və emissiya hesabatlarının hazırlanması vahid məlumat mənbəyi əsasında həyata keçiriləcək.
“Smart Ship Hub”un baş icraçı direktoru Coi Basu bildirib ki, tərəfdaşlıq gəmiçilik sektorunda rəqəmsallaşmanı ayrı-ayrı alətlərdən vahid əməliyyat sisteminə keçirəcək və şirkətlərə qərar qəbulunu asanlaşdırmağa kömək edəcək.
Platforma həmçinin Beynəlxalq Dəniz Təşkilatının (IMO) tələbləri, Avropa İttifaqının emissiya ticarəti sistemi (EU ETS), Karbon intensivliyi göstəricisi (CII) və digər ekoloji hesabat standartlarına uyğun avtomatlaşdırılmış hesabatların hazırlanmasını dəstəkləyəcək.

