Liberiya Gəmi Reyestri dənizçilər üçün elektron sənədlərin tətbiqinə hazırlaşır
Liberiya Gəmi Reyestri (Liberian Registry) dənizçilər üçün elektron sənədlərin tətbiqinə hazırlaşır.
"Seanews.az" xəbər verir ki, yeni təşəbbüs donanma üzrə uyğunluğun yoxlanmasını, sənədlərin təsdiqlənməsini və əməliyyat səmərəliliyini artırmağa yönəlib.
Sistemə əsasən, dənizçi sənədlərinə QR kodlar əlavə ediləcək. Bu kodlar vasitəsilə liman dövləti nəzarəti (“Port State Control”) orqanları sənədlərin həqiqiliyini rəqəmsal şəkildə yoxlaya biləcək və yoxlamalar zamanı saxta sənəd riskləri azalacaq.
Təşəbbüs çərçivəsində reyestrin “Seafarer Electronic Application (SEA)” sistemi də yenilənərək “Seafarer Portal” adlı yeni rəqəmsal platformaya köçürüləcək. Bu proses çərçivəsində dənizçi müraciətlərinin daha ciddi yoxlanması üçün “Crew360” adlı yeni uyğunluq sistemi də tətbiq ediləcək.
Bundan əlavə, Liberiya bayrağı altında üzən gəmilərdə çalışan dənizçilər üçün “SEA360” adlı mobil tətbiq istifadəyə veriləcək. Tətbiq vasitəsilə dənizçilər dənizçi kitabçası, lisenziyalar və sertifikatlar kimi əsas sənədlərə smartfonları vasitəsilə çıxış əldə edə biləcək və rəqəmsal sənədlər kağız sənədlərlə eyni hüquqi qüvvəyə malik olacaq.

