Süni intellekt əsaslı "rəqəmsal əkiz" vasitəsilə liman əməliyyatları real vaxt rejimində vizuallaşdırılır
Limanların avtomatlaşdırılması ilə məşğul olan “Docker Vision” şirkəti özünün süni intellekt əsaslı OCR sistemini “rəqəmsal əkiz” texnologiyası ilə birləşdirib. Bu layihə Hindistan Texnologiya İnstitutu Madras ilə birgə hazırlanıb və real liman şəraitində sınaqdan keçirilib.
“Seanews.az” xəbər verir ki, bu inteqrasiya sayəsində real vaxt rejimində əldə olunan OCR məlumatları birbaşa "rəqəmsal əkiz" platformasına ötürülür və beləliklə, giriş-çıxış əməliyyatlarının və kran hərəkətlərinin süni intellekt vasitəsilə vizuallaşdırılmasına imkan yaradır. "Docker Vision" bu layihəni sadəcə bir konsepsiya deyil, real terminal əməliyyatları ilə təsdiqlənmiş, hazırda işlək vəziyyətdə olan bir sistem kimi xarakterizə edir.
Bu addım fiziki limanla onun rəqəmsal surəti arasında canlı məlumat sinxronlaşdırılması, qərarların qəbuluna dəstək və əməliyyat görünürlüyünü təmin edən funksional bir körpü yaradır. Şirkət vurğulayır ki, süni intellekt artıq sadəcə kağız üzərində deyil, birbaşa "rəqəmsal əkiz"in daxilində aktiv şəkildə işləyir və bu, "ağıllı liman" gələcəyinə doğru atılmış konkret addımdır.

