Gəmilər üçün yeni rəqəmsal izləmə sistemi beynəlxalq standartlara uyğunluq sertifikatı qazanıb
Gəmiçilik dünyasında rəqəmsallaşma sahəsində mühüm yenilik baş verib. Gəmilərin işini, texniki vəziyyətini uzaqdan izləyən “PrimeServ Assist” proqram təminatı beynəlxalq Bureau Veritas (BV) təşkilatından rəsmi keyfiyyət sertifikatı alıb.
“Seanews.az” xəbər verir ki, əvvəllər bir gəminin "ağıllı gəmi" statusu alması aylar çəkirdisə, “Everllence” tərəfindən hazırlanmış bu sistem sayəsində sənədləşmə işlərinin 80%-i artıq hazır hesab olunur.
Gəmidəki nasazlıqlar hələ baş vermədən sistem tərəfindən aşkar edilir. Bu da gəminin limanda təmir üçün boş dayanmasının və nəticədə pul itirməsinin qarşısını alır.
Həmçinin sahildəki ofisdən gəminin mühərrikinin necə işlədiyini, yanacaq sərfiyyatını və təhlükəsizlik vəziyyətini real vaxt rejimində görmək mümkündür. Sistem gəmidən gələn minlərlə rəqəmi analiz edir və onları sadə, başa düşülən qrafiklərə çevirir. Bununla da həm gəmi heyəti, həm də sahildəki mütəxəssislər daha sürətli və düzgün qərarlar verə bilirlər.
Beləliklə, bu texnologiya gəmiləri daha təhlükəsiz və qənaətcil edir, eyni zamanda onları gələcəyin "rəqəmsal dənizçilik" standartlarına tam hazırlayır.

