Dəniz qurğularının təftişi və minaların aşkar edilməsi üçün yeni avtonom sualtı aparat hazırlanır
"ZenaTech" şirkətinin törəmə müəssisəsi olan "ZenaDrone" kommersiya gəmiçiliyi, dəniz enerjisi və liman təhlükəsizliyi yoxlamalarını hədəfləyən “IQ Aqua” adlı avtonom sualtı aparat (AUV) prototipini hazırlayıb.
“Seanews.az” xəbər verir ki, prototip artıq idarə olunan sınaqlarda ilkin avtonom naviqasiya imkanlarını nümayiş etdirib. Şirkət yaxın aylarda ABŞ-də və xaricdə açıq dəniz sınaqları keçirmək üçün əlavə qurğular istehsal edəcək.
Kabel vasitəsilə qidalanan və batareya ilə işləyən bu model dəniz boru kəmərlərinin, sualtı kabellərin və dəniz infrastrukturunun avtonom təftişi üçün nəzərdə tutulub. Karbohidrogen ehtiyatları, iri limanları və geniş sahil xətti olan BƏƏ, Səudiyyə Ərəbistanı və Qətər kimi Körfəz ölkələri bu layihə üçün əsas hədəf bazarlarıdır.
Texnologiyanın əsas məqsədi dənizçilik və enerji şirkətləri üçün sualtı texniki xidməti sadələşdirmək, insan amilini riskə atmadan daha təhlükəsiz və ucuz yoxlamalar həyata keçirməkdir.
Növbəti nəsil versiyaların kabelsiz və GPS-dən asılı olmayan şəkildə işləməsi planlaşdırılır ki, bu da onları mürəkkəb sualtı mühitlərdə daha effektiv edəcək.

