Gəmi gövdəsində gizlənən güc: Dünyanın ən yüngül mühərriki artıq satışda
İsveçli startap “Zparq” sənaye dənizçilik bazarına cəmi 4 kq çəkisi olan 10 kVt-lıq sualtı elektrik mühərriki əsasında hazırlanmış yeni OEM hərəkət sistemi ilə daxil olub. Stokholm Kral Texnologiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində yaradılan bu texnologiya gəmi istehsalçılarına gövdə daxilinə inteqrasiya oluna bilən yığcam və modullu həllər təklif edir.
“Seanews.az” xəbər verir ki, təzyiqə davamlı olan bu sistem həm sualtı tədqiqat, həm də suüstü avtonom aparatlar üçün nəzərdə tutulub. Mühərrikin gəmi gövdəsinə birbaşa daxil edilməsi xarici mühərriklərə ehtiyacı aradan qaldırır və hidrofol (sualtı qanadlı) gəmilər üçün yeni dizayn imkanları yaradır.
Əsasən dəniz monitorinqi, sualtı təftiş, təhlükəsizlik əməliyyatları və avtonom (pilotsuz) gəmilər hədəf seçilib. Mühərrikin kiçik ölçüsü və aşağı səs profili gizli və kritik missiyalar üçün böyük üstünlük təmin edir.
Şirkət artıq ilk sifarişləri qəbul etdiyini və texnologiyanın mühüm sənaye tətbiqlərində istifadə olunmağa başladığını bildirib. Startap indiyədək Aİ və müxtəlif fondlardan ümumilikdə 5.5 milyon avro investisiya cəlb etməyə nail olub.

