Gəmiqayırmada ilk dəfə tam 3D tikinti metodu sınaqdan keçirilib
NYK ofşor külək stansiyalarına xidmət göstərən yeni işçi heyəti gəmisi (CTV) üçün tam 3D modelləşdirmə sistemini tətbiq edib. Yaponiya şirkəti bununla rəqəmsal gəmiqayırma istiqamətində mühüm addım atıb.
“Seanews.az” xəbər verir ki, "Kosaba Shipbuilding" və "Smert Design" ilə birgə həyata keçirilən layihədə ənənəvi 2D çertyojlar dizayndan tikintiyədək bütün mərhələləri əhatə edən vahid 3D modelli sistemlə əvəz olunub. 28 metrlik alüminium katamaranın inşasında tətbiq edilən bu üsul hələ ilkin mərhələdə sistemlər arasındakı uyğunsuzluqları aşkar etməyə və sonradan yarana biləcək əlavə xərclərin qarşısını almağa imkan verib.
Tikinti prosesində tərsanə 3D skanlama texnologiyasından istifadə edərək real konstruksiyanı rəqəmsal modellə müqayisə edib və yaranan sapmaları dərhal izləyib.
NYK qeyd edir ki, bu yanaşma gəminin istismarı zamanı texniki xidmət və təftiş işlərini asanlaşdıran rəqəmsal arxiv formalaşdırır. Ofşor külək enerjisi sektorunda səmərəli gəmilərə tələbatın artdığı bir dövrdə, şirkət bu təcrübəni gələcəkdə digər növ gəmilərin inşasında da tətbiq etməyi planlaşdırır.

