Gəmilər üçün müstəqil ofşor enerji doldurma həlləri təqdim edilib
"A.P. Moller - Maersk" qrupuna daxil olan "Stillstrom" şirkəti ofşor külək enerjisi sektorunda gəmilərin elektrikləşdirilməsini dəstəkləmək məqsədilə iki yeni dəniz enerji doldurma sistemini təqdim edib. "Power Hub" və "Power Tower" adlanan bu yeni həllər külək turbinlərinin infrastrukturundan asılı olmayaraq müstəqil şəkildə quraşdırıla bilən sistemlər kimi hazırlanıb.
“Seanews.az” xəbər verir ki, monopay (tək dayaq) konstruksiyasına əsaslanan bu sistemlər dənizdə quraşdırma, texniki xidmət və uzunmüddətli əməliyyatlarda iştirak edən gəmilərin etibarlı elektrik enerjisi ilə təminatı problemini həll etmək üçün nəzərdə tutulub.
Şirkətin mühəndislik meneceri Koen Leqrand bildirib ki, bu sistemlər sektorun ən böyük çətinliklərindən biri olan infrastruktur və elektrikləşdirilmiş gəmilərin paralel inkişafı məsələsinə cavab verir. "Power Hub" fəaliyyətdə olan külək parklarında mövcud infrastruktura əlavə edilə bilən yığcam qurğudur. "Power Tower" isə yeni tikilən layihələr üçün nəzərdə tutulub və turbin bünövrələrinə bənzər forması sayəsində standart tikinti gəmiləri ilə asanlıqla quraşdırıla bilir.
Bu addım külək parklarının sahildən daha uzaq məsafələrə genişlənməsi və təmiz gəmiçilik əməliyyatlarına tələbatın artması fonunda "Stillstrom"un ofşor enerji doldurma portfelini daha da genişləndirir.

