Dənizçilikdə yenilik: Sualtı robotlar artıq qurudakı ofislərdən idarə olunacaq
"Oceaneering International" şirkəti və Braziliyanın neft nəhəngi "Petrobras" dənizçilik texnologiyalarında mühüm addım hesab olunan uzaqdan idarəetmə sınağını uğurla başa vurub.
“Seanews.az” xəbər verir ki, Braziliya sahillərindəki qazma qurğusunda yerləşən sualtı aparat (ROV) kilometrlərlə uzaqda — Makae şəhərindəki ofisdə əyləşən operator tərəfindən real vaxt rejimində idarə edilib.
Bu sınağın əsas texnoloji yeniliyi aşağı orbitli (LEO) peyk rabitəsindən istifadə edilməsidir. Əvvəllər peyk siqnallarındakı gecikmələr sualtı robotların uzaqdan idarə olunmasını çətinləşdirirdisə, yeni nəsil peyk bağlantısı operatora suyun altındakı aparatı sanki gəmidəymiş kimi ani reaksiya ilə idarə etmək imkanı yaradıb.
Yeni iş modeli həmçinin dəniz əməliyyatlarında insan amilini və xərcləri kökündən dəyişir. Artıq ROV pilotlarının dənizə, riskli qazma qurğularına göndərilməsinə ehtiyac qalmır. Bu, həm heyətin təhlükəsizliyini təmin edir, həm də gəmiçilik şirkətlərinin logistika və sığorta xərclərini kəskin şəkildə azaldır. Eyni zamanda fərqli şirkətlərin rəqəmsal şəbəkələri arasında qurulan təhlükəsiz "rəqəmsal körpü" kibertəhlükəsizlik sahəsində də yeni standartlar müəyyən edir.

