S-100 rəqəmsal naviqasiya sistemi real şəraitdə sınaqdan keçirilir
Avstraliya dənizçilik tarixində ilk dəfə olaraq yeni nəsil S-100 rəqəmsal naviqasiya məlumatlarının gəmi göyərtəsində canlı sınaqlarına başlayıb. Sidney limanında həyata keçirilən bu sınaqlar zamanı dinamik qabarma-çəkilmə və axın məlumatları real vaxt rejimində kreyser gəmilərinin naviqasiya körpüsündə test edilir.
"Seanews.az" xəbər verir ki, Avstraliya Hidroqrafiya İdarəsinin (AHO) rəhbərliyi ilə reallaşan layihədə "Carnival Cruise Lines", "Tidetech" və "OSI Maritime Systems" şirkətləri tərəfdaşlıq edir.
Sınaqların əsas yeniliyi S-100 əsaslı məlumat məhsullarının simulyatorlarda deyil, gündəlik fəaliyyət göstərən gəmilərdə birbaşa istifadə olunmasıdır. Sidney limanının mürəkkəb naviqasiya şəraiti, xüsusən də gəmilərin Sidney Harbour körpüsünün altından cəmi iki metr məsafə ilə keçməsi bu texnologiyanın dəqiqliyini yoxlamaq üçün kritik əhəmiyyət kəsb edir. Yeni sistem sayəsində heyət dinamik su səviyyəsi və axın məlumatlarını elektron xəritə üzərində canlı izləyə bilir.
Mütəxəssislər bildirirlər ki, bu sınaqlar S-100 standartlarının gələcək inkişafı üçün həlledici rol oynayacaq. İyun ayında tamamlanacaq sınaqların nəticələri dənizçilərin real manevrlər zamanı hansı məlumatlara daha çox etibar etdiyini və qərarvermə prosesinin necə təkmilləşdiyini üzə çıxaracaq.

