Okean daşımaları üçün süni intellekt agenti təqdim edildi
"FourKites" şirkəti sifarişdən bronlaşdırmaya qədər olan yükdaşıma proseslərini avtomatlaşdırmaq üçün hazırlanmış süni intellekt əsaslı "Booking Connect for Ocean" platformasını istifadəyə verib.
"Seanews.az" xəbər verir ki, sistem müqavilələrin idarə edilməsi, daşıyıcı seçimi və sənədləşmə işlərini insan müdaxiləsi olmadan həyata keçirir. Bunun üçün yeni həll "FourKites Intelligent Control Tower" platformasına inteqrasiya olunub.
"Booking Connect for Ocean" dəniz daşıyıcılarının tarif sazişlərini və əlavə ödənişlərini vahid rəqəmsal profilə köçürməklə mexaniki bronlaşdırma tapşırıqlarını aradan qaldırmağı hədəfləyir. Eyni zamanda sistem daşıyıcı seçimi, sənəd dövriyyəsi və gözlənilməz halların (istisnaların) idarə edilməsi funksiyalarını avtomatlaşdırılmış şəkildə təqdim edir.
Başqa sözlə, “Booking Connect” bu sahənin iqtisadiyyatını dəyişir. Süni zəka müqavilələrinizi təhlil edir, tarifləri müqayisə edir, daşıyıcını seçir, səfəri bron edir, sənədləri idarə edir və problemləri həll edir. Əvvəllər bir komandanın gördüyü işi indi sistem tam avtonom şəkildə yerinə yetirir.

