Avropa irihəcmli gəmilər üçün hidrogen layihəsini maliyyələşdirir
İritonnajlı gəmilərin hidrogen mühərriki ilə işləməsini hədəfləyən “H4PERION” (Hydrogen FOR Performance Enhancement and Reliable Ice OperatioN) layihəsi “Horizon Europe” tərəfindən maliyyələşdiriləcək. Finlandiyanın Vaasa Universitetinin rəhbərlik etdiyi layihə çərçivəsində böyük gəmilərdə hidrogen yanacağından istifadə imkanları sınaqdan keçiriləcək.
"Seanews.az" xəbər verir ki, dörd il davam edəcək bu layihənin məqsədi batareya və yanacaq elementlərinin hələlik tam qarşılaya bilmədiyi böyük enerji ehtiyacını hidrogen və biometanla işləyən yeni mühərrik konsepsiyası vasitəsilə həll etməkdir. Texnologiya ilk olaraq Finlandiya və İsveç arasında fəaliyyət göstərən "Aurora Botnia" bərəsinə quraşdırılacaq, eyni zamanda laboratoriya şəraitində rəqəmsal əkiz modeli vasitəsilə optimallaşdırılacaq.
Vaasa Universitetinin professoru Matsey Mikulskinin sözlərinə görə, layihə çərçivəsində tətbiq ediləcək innovativ yanma konsepsiyası (RCCI) sayəsində 55 faiz xalis səmərəlilik və sıfıra yaxın emissiya səviyyəsinə nail olmaq planlaşdırılır.
Konsorsiuma "Wärtsilä", "Deltamarin", "American Bureau of Shipping" və "Wasaline" kimi tanınmış sənaye tərəfdaşları və tədqiqat mərkəzləri daxildir. Layihə yalnız texnoloji yeniliklərlə kifayətlənməyərək, həm də heyət üçün təlim materiallarının hazırlanması və gələcək təhlükəsizlik qaydalarının formalaşdırılmasına töhfə verəcək.

