“Deltamarin” Avropa İttifaqının hidrogen mühərriki layihəsinə qoşulub
Finlandiyanın gəmi mühəndisliyi nəhəngi "Deltamarin" uzaq məsafəli dəniz daşımalarında karbon emissiyasını sıfıra endirmək məqsədilə icra olunan Avropa İttifaqının "H4PERION" layihəsinə qoşulub. Dörd il davam edəcək bu proqramın əsas hədəfi hidrogenlə işləyən daxili yanma mühərriklərini tam miqyasda hazırlamaq və onların kommersiya gəmiçiliyində real tətbiqini sübut etməkdir.
"Seanews.az" xəbər verir ki, layihə çərçivəsində sınaqlar həm laboratoriya şəraitində, həm də real olaraq "Aurora Botnia" bərəsinin göyərtəsində keçiriləcək.
"Deltamarin" bu layihədə sadəcə mühərrik hazırlanması ilə kifayətlənməyərək yeni texnologiyanın müxtəlif gəmi tiplərinə necə inteqrasiya oluna biləcəyini və digər gəmilərdə tətbiqinin mümkünlüyünü modelləşdirəcək. Bu, hidrogen mühərriklərinin gələcəkdə bütün ticarət gəmiləri üçün standart və miqyaslana bilən bir həllə çevrilməsi baxımından olduqca əhəmiyyətlidir.
Eyni zamanda proqram dənizçilikdə yeni yanacaq növünə keçid üçün zəruri olan təhlükəsizlik qaydalarının hazırlanmasını, heyətin təlimatlandırılmasını və liman infrastrukturunun uyğunlaşdırılmasını da əhatə edir. Beləliklə, "H4PERION" layihəsi hidrogeni nəzəriyyədən çıxararaq dəniz nəqliyyatının dekarbonizasiyasında əsas yanacaq namizədinə çevirmək üçün genişmiqyaslı ekosistem qurur.

