Gəmiçilikdə tullantılara rəqəmsal nəzarət dövrü başlayır
Dənizçilik sektorunda sərtləşən ekoloji qaydalara uyğunlaşmanı asanlaşdırmaq məqsədilə gəmiçilik tullantılarının monitorinqi və hesabatlılığı üçün yeni rəqəmsal platforma istifadəyə verilir.
"Seanews.az" xəbər verir ki, bu həll Finlandiyanın "Awake.AI" və Niderlandın "Tidalis" şirkətlərinin texnoloji imkanlarının birləşdirilməsi nəticəsində ərsəyə gəlib. Yeni sistem liman əməliyyatları və gəmi hərəkəti zamanı yaranan məlumatları avtomatik olaraq "FuelEU Maritime" və Aİ-nin Emissiya Ticarət Sistemi (ETS) kimi tələblərə uyğun hesabatlara çevirir.
Bu texnologiya limanlarda gəmilərin yan alması, yük aşırılması, yanacaq doldurma və sahil enerjisindən istifadə kimi real vaxt məlumatlarını emal edərək "Scope 1-3" səviyyəli emissiya hesabatlarını formalaşdırır.
Rəqəmsal platforma həmçinin dənizçilik sektorunda mövcud olan geniş həcmli əməliyyat məlumatlarını ölçülə bilən və auditi mümkün olan "emissiya kəşfiyyatına" çevirərək dekarbonizasiya üzrə qərarların verilməsini sürətləndirir.
Cari ilin sonundan etibarən Avropa limanlarında tətbiqinə başlanılacaq bu innovativ platformanın daha sonra Asiya-Sakit okean, Yaxın Şərq və Amerika bazarlarına çıxarılması planlaşdırılır.

