Gəmi tikintisinin təchizat mərhələsindəki qüsurlar süni intellekt və robotlar vasitəsilə aşkar ediləcək
Gəmiqayırmada gövdənin yığılması nisbətən asan mərhələ sayılsa da, boru, kabel, elektrik sistemləri və digər daxili avadanlıqların quraşdırılmasını əhatə edən təchizat prosesi kifayət qədər mürəkkəbdir. Bu mərhələdə vaxt darlığı və insan amili səbəbindən yaranan xətalar sonradan baha başa gələn yenidənqurma işlərinə yol açır.
"Seanews.az" xəbər verir ki, yeni inşa olunan gəmilərin təchizatı mərhələsindəki qüsurların aşkarlanması və operativ aradan qaldırılması üçün muxtar robotlar və süni intellekt (AI) modelləri hazırlanır. Belə ki, ABŞ-nin Miçiqan Universiteti və Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları gəminin real daxili konstruksiyasını onun "rəqəmsal əkiz"i (layihə çertyoju) ilə müqayisə edərək kənarlaşmaları qeydə alan intellektual sistem üzərində işləyirlər.
Layihə çərçivəsində inşa prosesində olan gəminin göyərtəsində hərəkət edən muxtar robotlar "LiDAR" sensorları və kameralar vasitəsilə məlumat toplayaraq onları süni intellekt modelinə ötürəcək. Sistem faktiki quraşdırılmış strukturu layihə planı ilə qarşılaşdıraraq fərqlilikləri müəyyən edəcək və avadanlıqların səhv montajı nəticəsində yarana biləcək potensial problemləri öncədən proqnozlaşdıracaq. Hər hansı bir borunun yerinə oturmaması və ya tikinti ardıcıllığının pozulması kimi qüsurlar aşkarlandıqda sistem tərsanə işçilərinə həm problemin hesabatını, həm də bir neçə alternativ həll variantını təqdim edəcək.
Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi tərəfindən 6,2 milyon dollar qrantla maliyyələşdirilən və "NYK Line" şirkətinin Monohakobi Texnologiya İnstitutunun idarə etdiyi bu layihə tərsanələrdə vaxt və xərclərə əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verəcək.

