Dəniz daşımalarının rəqəmsal bronlaşdırılması sistemi təkmilləşdirilib
"Neurored" şirkəti "Coneksion" platforması ilə əməkdaşlıq edərək dəniz daşımalarının rəqəmsal bronlaşdırılması sistemini yeniləyib.
"Seanews.az" xəbər verir ki, bu inteqrasiya əvvəllər ayrı-ayrılıqda icra olunan üç mühüm mərhələni - sifarişlərin verilməsi, gəmiçilik təlimatlarının göndərilməsi və konteynerlərin çəkisinin təsdiqlənməsi proseslərini vahid rəqəmsal sistemdə birləşdirir. Sistem həmçinin soyuduculu konteynerlər, qabaritdən kənar yüklər, eləcə də BMT nömrələri və Beynəlxalq Dəniz Təşkilatının (IMO) sinifləri üzrə təsnif edilən təhlükəli yüklər kimi spesifik yük növlərinin idarə olunmasını da dəstəkləyir.
"Neurored" rəsmisi Rikardo Ureç bildirib ki, operatorların iş rejimi analiz edilərkən sifarişin bir sistemdə başlandığı, təlimatların daşıyıcı portalına yenidən yazıldığı və konteynerlərin çəkisinin təsdiqlənməsinin tamamilə ayrı idarə olunduğu üzə çıxıb. Bu cür pərakəndəlik isə məlumat xətalarına, vaxt itkisinə və qeyri-şəffaflığa yol açır. Yeni həll sayəsində bütün proseslər vahid "Salesforce" qeydiyyatı üzərindən aparılır, bu da məlumatların eyniliyini və tam nəzarəti təmin edir.
"Coneksion" ilə inteqrasiya sayəsində "Neurored" istifadəçiləri tək bir API bağlantısı vasitəsilə eyni anda bir neçə dəniz xəttinə birbaşa çıxış əldə edirlər. Bu platforma rəqəmsal işləsə də, daxili hesabatlılıq və audit üçün dinamik PDF sənədlərin yaradılmasına da imkan verir.

