Avropa İttifaqı gəmilərin dənizdə enerji doldurması üçün pilot layihəni maliyyələşdirir
Avropa İttifaqı (Aİ) özünün "Horizon Europe" tədqiqat və innovasiya proqramı çərçivəsində gəmilər üçün dənizdə enerji doldurma infrastrukturunun yaradılmasına 5 milyon avro qrant ayırıb.
“Seanews.az” xəbər verir ki, layihə "Maersk" qrupuna daxil olan "Stillstrom" şirkətinin rəhbərlik etdiyi beynəlxalq konsorium tərəfindən icra olunacaq. Məqsəd lövbərdə mühərriki işlək vəziyyətdə qalan gəmiləri dənizdə elektrik enerjisi ilə təmin etməkdir. Gələn ay - iyunda start veriləcək "SPARK" adlı layihə 36 ay davam edəcək. Bu müddət ərzində texnologiyanın kommersiya baxımından səmərəliliyi və tənzimləyici hüquqi bazası sınaqdan keçiriləcək.
"Stillstrom" şirkətinin hesablamalarına görə, hazırda dünya üzrə təxminən 200 lövbər sahəsində 6500-dən çox gəmi boş dayanıb. Bu gəmilər birlikdə atmosferə 30 milyon tondan çox istixana qazı və digər zərərli maddələr ixrac edir. Şirkətin baş icraçı direktoru Kristian Borum Yorgensen bildirib ki, sahilə yaxın ərazilərdə boş dayanan gəmilər istixana qazı emissiyalarının əsas, lakin çox vaxt diqqətdən kənarda qalan mənbəyidir və bu layihə dənizçilik sektorunun dekarbonizasiyasını sürətləndirəcək.
Layihə çərçivəsində Şimali Avropanın ən sıx lövbər sahələrindən biri olan Danimarkanın Skagen limanı yaxınlığında ilk dəniz enerji zonası yaradılacaq. Gəmilər dənizdəki xüsusi stansiyaya qoşularaq Skagen limanı vasitəsilə ötürülən elektrik enerjisi ilə təmin olunacaq.

