Gəmi üzərində yeni simulyasiya təlim platforması təqdim edilib
Dənizçilik sahəsində təlim həlləri üzrə ixtisaslaşmış “Mintra” şirkəti dənizçilərin təhlükəsizlik üzrə praktiki hazırlığını artırmaq məqsədilə yeni simulyasiya platformasını istifadəyə verib.
“Seanews.az” xəbər verir ki, “Unreal Engine” əsasında hazırlanmış 3D simulyasiya texnologiyası ekipaj üzvlərinə real əməliyyat şəraitinə bənzər ssenarilərdə riskləri qiymətləndirmək, qərarlar qəbul etmək və onların nəticələrini müşahidə etmək imkanı yaradır. Platformadan gəmidəki mövcud kompüterlər və ya fərdi kompüterlər vasitəsilə istifadə etmək mümkündür.
İlk mərhələdə təqdim olunan kurslar qəza araşdırmaları, həmçinin gəmiçilikdə ən təhlükəli əməliyyatlardan biri hesab edilən qapalı məkanlara giriş və xilasetmə mövzularını əhatə edir. Şirkətin məlumatına görə, qapalı məkanlarda baş verən qəzalar nəticəsində ölüm halları son illərdə artıb.
“Mintra” bildirir ki, yeni platforma nəzəri biliklərlə real gəmi şəraiti arasındakı boşluğu aradan qaldırmağa, ekipajların hazırlıq səviyyəsini yüksəltməyə və təlimlərin effektivliyini daha dəqiq ölçməyə kömək edəcək.

