Okeanda karbon tutma texnologiyası pilot mərhələyə yaxınlaşır
“Mitsubishi Electric” və Finlandiyanın VTT Texniki Tədqiqat Mərkəzi okeanlar vasitəsilə karbon qazının azaldılmasına yönəlmiş yeni texnologiyanın inkişafında mühüm irəliləyiş əldə etdiklərini açıqlayıblar.
“Seanews.az” tərəfdaşlara istinadla xəbər verir ki, 2024-cü ilin sonundan birgə hazırlanan birbaşa okean karbon tutma (DOC) texnologiyası artıq pilot miqyaslı sınaqlara keçid üçün hazırdır.
Texnologiya dəniz suyunda həll olmuş karbon qazının bir hissəsini çıxarır. Nəticədə okean atmosferdən daha çox CO₂ udmaq qabiliyyəti qazanır və istixana qazlarının azaldılmasına töhfə verir.
Layihə çərçivəsində dəniz suyunun emalı yolu ilə ayrılan karbon qazı tutulur və sonradan xüsusi saxlama sistemlərində yerləşdirilə və ya sənayedə xammal kimi istifadə oluna bilər.
Şirkətlər hesab edirlər ki, bu texnologiya gələcəkdə həm karbon emissiyalarının azaldılmasına, həm də dəniz suyundan faydalı maddələrin əldə edilməsinə imkan yaradacaq.

