Belçikada Ro-Ro gəmiləri üçün ilk sahil elektrik enerjisi təchizatı obyekti istifadəyə verilib
Belçikanın Zeebrügge limanında Ro-Ro gəmiləri üçün ilk sahil elektrik enerjisi təchizatı sistemi istismara verilib.
“Seanews.az” xəbər verir ki, Yaponiyanın “NYK Group” şirkətinə daxil olan ICO (International Car Operators) tərəfindən yaradılan obyekt sınaq mərhələsinin uğurla başa çatmasından sonra kommersiya fəaliyyətinə başlayıb. Sistemdən istifadə edən ilk gəmi NYK tərəfindən idarə olunan avtomobil və yükdaşıyan gəmi (PCTC) olub.
Layihə Belçikada Ro-Ro gəmiləri üçün sahil elektrik enerjisi təchizatının ilk kommersiya tətbiqi olmaqla yanaşı, “NYK Group”a məxsus PCTC tipli gəminin yanalma zamanı ilk dəfə bu texnologiyadan istifadə etməsi ilə də əlamətdardır.
Sistem gəmilərin limanda olarkən terminaldan elektrik enerjisi almasına imkan verir ki, bu da bort generatorlarının söndürülməsinə, nəticədə karbon qazı, azot oksidləri və digər zərərli tullantıların azalmasına şərait yaradır.
Hazırda bir gəmiyə xidmət göstərə bilən qurğu ICO-nun 11 külək turbinindən ibarət külək elektrik stansiyasının istehsal etdiyi bərpa olunan enerji ilə işləyir. Şirkət gələcəkdə sistemin genişləndirilməsini də nəzərdə tutur.

