ECSA: Avropa karbon rüsumlarından əldə olunan gəlirləri "yaşıl" yanacaqların dəstəklənməsinə yönəltməlidir
Avropa İttifaqının (Aİ) Gəmi Sahibləri Assosiasiyaları Birliyi (ECSA) qitə təşkilatını dənizçilik sektorundan karbon emissiyaları üzrə toplanan vəsaitləri "yaşıl" yanacaq istehsalının dəstəklənməsinə yönəltməyə çağırıb.
“Seanews.az” xəbər verir ki, ECSA-nın məlumatına görə, Avropa gəmiçilik sektoru Aİ-nin Emissiyalarla Ticarət Sistemi (ETS) çərçivəsində hər il təxminən 10 milyard dollar karbon ödənişi edir. Lakin bu vəsaitlərin hamısı dəniz nəqliyyatının dekarbonizasiyasına sərf olunmur.
Assosiasiya bildirir ki, Avropa gəmi sahibləri "yaşıl" yanacaqla işləyə bilən gəmilərə böyük sərmayələr qoysa da, qitədə belə yanacaqların istehsalı və təchizatı hələ də məhduddur. Hazırda Asiya "yaşıl" yanacaq istehsalı layihələrinin 74 faizinə sahib olduğu halda, Avropanın payı cəmi 10 faizdir.
ECSA-nın baş katibi Sotiris Raptisin sözlərinə görə, ETS-dən əldə olunan gəlirlər "yaşıl" yanacaqların yüksək qiyməti ilə ənənəvi yanacaqlar arasındakı fərqin azaldılmasına, həmçinin təmiz texnologiyalar layihələrinin dəstəklənməsinə yönəldilməlidir.
Assosiasiya vurğulayır ki, hazırda dənizçilik üçün "yaşıl" yanacaqlar ənənəvi alternativlərdən təxminən dörd dəfə bahadır və dövlət dəstəyi olmadan bu sahədə investisiyaların artırılması çətin olacaq.

