Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-11,
Seanews
Heyder Eliyev

Hesabat: Dənizdə karbonun tutulması texnologiyası kommersiya tətbiqinə yaxınlaşır

“Lloyd's Register Advisory” tərəfindən Beynəlxalq Gəmiçilik Palatası (ICS) üçün hazırlanan yeni hesabat göstərir ki, gəmi üzərində karbon tutma və saxlanması (OCCS) texnologiyası dəniz nəqliyyatının dekarbonizasiyasında yaxınmüddətli perspektivdə mühüm həllərdən birinə çevrilə bilər.

“Seanews.az” xəbər verir ki, hesabata görə, texnologiya artıq müxtəlif tipli gəmilərdə sınaqdan keçirilib və karbon emissiyalarının 70-95 faizinin tutulması mümkündür.

Ekspertlər bildirirlər ki, OCCS sistemlərinin geniş tətbiqi üçün əsas maneələr mövcud gəmilərə inteqrasiya, limanlarda tutulan karbonun qəbulu üçün infrastrukturun yaradılması və bu texnologiyanı dəstəkləyən beynəlxalq tənzimləmə mexanizmlərinin formalaşdırılmasıdır. Hazırda bazarda ən inkişaf etmiş həll mühərrikdən çıxan qazların amin əsaslı kimyəvi udulması texnologiyası hesab olunur.

Hesabatda qeyd olunur ki, “Wärtsilä”, “CSSC 711”, “Value Maritime”, “Seabound”, “Hanwha Ocean”, “Panasia” və “Sinotech” kimi şirkətlər OCCS sahəsində aparıcı mövqedədir. Xüsusilə LNG daşıyıcıları və iri tanker gəmiləri bu texnologiyanın tətbiqi üçün ən əlverişli seqmentlər hesab edilir. Konteyner gəmilərində də tətbiq perspektivli sayılsa da, avadanlıqların tutduğu yer yükdaşıma qabiliyyətini azalda bilər. Ən böyük çətinlik isə quru yük gəmilərində müşahidə olunur.

Hesabatda vurğulanır ki, hazırda dünyada karbonun qəbul edilməsi üçün cəmi 10-dan az limanda müvafiq infrastruktur mövcuddur və onların əksəriyyəti Şimali Avropada yerləşir. Bundan əlavə, OCCS sistemlərinin iqtisadi səmərəliliyi hələ də karbon qiymətlərindən və dövlət təşviqlərindən asılıdır. Hazırda yalnız Avropa İttifaqının Emissiya Ticarəti Sistemi (EU ETS) tutulan və daimi saxlanılan karbon emissiyalarına görə maliyyə üstünlüyü təqdim edir.

Hesabat müəlliflərinin qənaətinə görə, alternativ aşağıkarbonlu yanacaqların geniş yayılması vaxt tələb etdiyindən, gəmi üzərində karbon tutma texnologiyası qarşıdakı onillikdə dəniz nəqliyyatının emissiyalarının azaldılması üçün mühüm keçid həlli rolunu oynaya bilər. Bununla belə, texnologiyanın genişmiqyaslı tətbiqi liman infrastrukturunun inkişafından və beynəlxalq normativ bazanın formalaşmasından asılı olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır