Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

ASCO-nun İnsan resurslarının idarəedilməsi departamentinin rəisi “Qeyri-akademik transkript” layihəsi ilə bağlı müzakirələrdə iştirak edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İnsan resurslarının idarəedilməsi departamentinin rəisi Sevda Məmmədova UNEC-də “Qeyri-akademik transkript” layihəsi ilə bağlı dövlət və özəl qurumların nümayəndələri ilə aparılan müzakirələrdə iştirak edib.  

UNEC-in rektoru professor Ədalət Muradov tələbələrin yumşaq bacarıqlarını əks etdirən “Qeyri-akademik transkript” layihəsinin metodoloji müzakirələrinin ölkənin tanınmış təhsil mütəxəssisləri ilə aparıldığını diqqətə çatdırıb. O, transkriptin təkmilləşdirilməsi məqsədilə işəgötürənlərlə müzakirələrin aparılmasının vacibliyini vurğulayıb.

Ədalət Muradov qeyri-akademik transkriptdə iş dünyasının tələb etdiyi meyarların əsas götürüldüyünü bildirib: “Düşünürəm ki, iş dünyasında qeyri-akademik transkript akademik transkriptdən daha üstün tutulacaq. Sürətlə dəyişən dünyada dəyişməyən bacarıqlara fokuslanmaq daha önəmlidir”.

Professor Ədalət Muradov yumşaq bacarıqların qiymətləndirilməsinin 4-cü kurs tələbələri arasında könüllülük prinsipi əsasında həyata keçiriləcəyini deyib. O, UNEC-də “Karyera planlaması” kafedrasının yaradıldığı və kafedranın müəllimləri tərəfindən “Karyera planlaması”, “Yumşaq bacarıqlar” və “Sərt bacarıqlar” fənlərinin tədris olunduğunu bildirib.

Sonra “Karyera planlaması” kafedrasının müəllimi Asəf Zeynalov qeyri-akademik transkriptin mahiyyəti, qiymətləndirmə meyarları barədə təqdimatla çıxış edib.

Müzakirələrdə iştirak edən işəgötürənlərin nümayəndələri tələbələrdə yumşaq bacarıqların formalaşdırılmasının, eləcə də bu bacarıqları əks etdirən transkriptin məzunların işə qəbulunda mühüm rol oynayacağını qeyd ediblər. Bu istiqamətdə UNEC-lə əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıblar.

Qeyd olunub ki, layihə iş dünyası və universitetlərin qarşılıqlı əməkdaşlığının qurulması və daha da genişləndirilməsi istiqamətində mühüm addım olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır