ADDA tələbələri ekoloji mövzuda maarifləndirilib
ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) tələbələri üçün “COP 29” və “Dəniz ekosistemlərinin qorunmasında gənc dənizçilərin rolu” mövzusunda “General Əsədov” gəmisində maarifləndirici tədbir keçirilib.
ADDA-nın dosenti Məhəmməd Rzayev tələbələrə geniş təqdimatla çıxış edərək, dəniz ekologiyasına gəmilərin mənfi təsirlərin azaldılması məqsədilə Beynəlxalq Dəniz Təşkilatının qəbul etdiyi MARPOL Konvensiyası ilə tənzimlənən məqamlara toxunub. O bildirib ki, Konvensiyanın əsas məqsədi dənizdə ətraf mühitin mühafizəsini təmin etmək və çirkləndirici maddələrin gəmilərdən yayılmasının qarşısını almaqdır.
Tələbələrə bu ilin noyabrında Bakıda baş tutan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) haqqında da geniş məlumat verilib. Həmçinin “COP 29” çərçivəsində ASCO-nun təşkil etdiyi “Gələcəyə səfər: dayanıqlı sabah üçün dənizçilikdə dekarbonizasiya” adlı panel iclasda müzakirə edilən məsələlər tələbələrin diqqətinə çatdırılıb.