Qazaxıstan və Azərbaycan Xəzər dənizində hərbi təlimlər keçirəcək
Qazaxıstan və Azərbaycanın Hərbi Dəniz Qüvvələri Aktauda "Xəzər küləyi-2025" təlimləri keçirəcək.
“Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Qazaxıstanın Hərbi Dəniz Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, 1-ci dərəcəli kapitan Kanat Niyazbəyov və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, 1-ci dərəcəli kapitan Teymur Mürşüdov danışıqlar zamanı qarşıdakı təlimlərin detallarını müzakirə edib və razılaşdırıblar. Təlimlər Xəzər dənizinin Qazaxıstana aid hissəsində keçiriləcək. Gəmilər gəldikdən sonra təlim planı və xəritələrdə epizodların çəkilməsinin təfərrüatları dəqiqləşdiriləcək", - məlumatda deyilir.
“Hərbi əməliyyatlar" mərhələsi tapşırıqların hərtərəfli işlənməsini əhatə edir. Təlim bölgəsində gəmilərin yerləşdirilməsi, dəniz keçidində gəmilərin birgə səyahət elementlərinin yerinə yetirilməsi nəzərdə tutulur. Hərbi dənizçilər asimmetrik təhdidləri dəf etmək, fəlakətə uğramış uçuş aparatlarına, gəmilərə yardım məsələlərini həll edəcəklər. Dəniz və hava hədəflərinə qarşı döyüş atışları da aparılacaq.
“Təlimlər ölkələrimizin Hərbi Dəniz Qüvvələri arasında qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılmasına və qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə yönəlmiş geniş spektrli vəzifələri əhatə edəcək”, - Kanat Niyazbəyov bildirib.
Təlimlərə hərbi dəniz bazasının sahil bölmələrinin və gəmilərinin şəxsi heyəti cəlb olunacaq. Azərbaycandan təlimlərə iki gözətçi gəmisi, köməkçi gəmi və sahil bölmələri göndəriləcək.