







ASCO-da əməyin mühafizəsi və icbari sığorta mövzusunda maarifləndirmə tədbiri keçirilib
AZCON Holding şirkətlərindən olan ASCO-da əməyin mühafizəsi və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta mövzuları üzrə maarifləndirmə tədbiri keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində keçirilən tədbirin əsas məqsədi işəgötürən və işçilərə əməyin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələbləri, layiqli əməyin təmini, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, əməyin mühafizəsi üzrə qəbul edilmiş dövlət standartları və onların tətbiq sahələri barədə ətraflı məlumat vermək, həmçinin istehsalat qəzalarının qarşısının alınması və qabaqlayıcı tədbirlərin gücləndirilməsi üçün onların biliklərinin artırılmasından ibarətdir.
Təlimdə Əməyin Mühafizəsi Mərkəzinin və İcbari Sığorta Bürosunun nümayəndələri təqdimatlarla çıxış ediblər.
Təqdimatlar zamanı əməyin mühafizəsi sahəsində qəbul edilmiş 58 yeni dövlət standartı və bu standartların müəssisələrdə tətbiqi imkanları barədə də iştirakçılara ətraflı məlumat verilib.
İnteraktiv formatda baş tutan tədbirdə müzakirə olunan mövzularla bağlı iştirakçıların sualları cavablandırılıb.